Əsər
Müqəddimə
ilə başlanır. Şən, nikbin ruhlu musiqi
əsərin ümumi əhval-ruhiyyəsini təsvir
edir.
I pərdədə Əsgərin
ariyası Füzulinin qəzəli əsasında
bəstələnmişdir: «Nalədəndir ney kimi»
sözləri ilə oxunur. Ariyanın musiqisi gənc
oğlanın kədərini, xəyalpərəstliyini
ifadə edir.
Cahan xalanın
mahnısı sadəlövh qadının səmimi,
həyatsevər xarakterini büruzə verir.
Süleymanın
kupletləri xalq havaları ruhunda yazılmış
işıqlı, oynaq musiqidir.
II pərdədə Əsgərin
nəğməsi mülayim lirik əhval-ruhiyyəlidir.
Mahnının mövzusu – «Arşın mal alan» çağırış
leytmotivi komediyada məhəbbət mövzusuna çevrilərək,
sonralar Gülçöhrənin etirafında, onun Asya
və Telli ilə triosunda da dəfələrlə
təkrar edilir.
Qızların
xoru Arşınmalçının səsinə
yığışan və ondan mal almağa başlayan
qızların zərif, məlahətli portretini yaradır.
Gülçöhrənin
ariyası həm sevinc, həm şuxluq, həm
də kədərli hisslərlə zəngin olub,
gənc oğlana ilk baxışdan vurulan qızın
həyəcanını əks etdirir. Əsgərlə
Gülçöhrənin dueti gənclərin qarşılıqlı
məhəbbətdən doğan həyəcanlı
hisslərinin təcəssümüdür.
Soltan
bəyin mahnısı əsl xalq havası əsasında
yazılmışdır və məzəli xarakter
daşıyır.
III pərdədə qulluqçular Telli
ilə Vəlinin dueti xalq məzəli mahnı
– dialoqları şəklində qurulmuşdur. Mahnı
ilə sözlərin ifadəli deyilişinin əlaqələnməsi,
cəld rəqs ritmi duetə ahəngdarlıq, kolorit
verir.
Asyanın
nəğməsi Süleymana qarşı onun qəlbində
birdən alışıb – yanan məhəbbətin
ifadəsidir. Oynaq, coşğun və emosional musiqiyə
malikdir.
Asyanın rəqsi isə onun şadlıq hisslərinin
ifadəsidir. Burada bəstəkar «Tərəkəmə»
xalq rəqs melodiyasına əsaslanmışdır.
IV pərdədə Gülçöhrənin
naləsi zorla başqasına verildiyini güman
edən gənc qızın çarəsizliyini, ümidsizliyini
əks etdirir.
|