Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov
(Hacıbəyli) Azərbaycan xalqının dahi bəstəkarıdır
Üzeyir
Hacıbəyov müasir
Azərbaycan musiqi mədəniyyətinin qurucusu olmuş,
milli bəstəkarlıq məktəbinin təməlini
qoymuşdur. O, Azərbaycan milli operasının, eləcə
də Şərqdə ilk operanın banisidir. O, eyni zamanda,
musiqişünas
alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim olmuşdur.
Üzeyir
Hacıbəyov 1885-ci il sentyabrın 18-də Azərbaycanın
Şuşa
şəhəri yaxınlığında Ağcabədi
kəndində anadan olmuşdur. Ü.Hacıbəyovun
soy-kökü, nəsil
şəcərəsi Qarabağın əsilzadə
bəy nəsilləri ilə bağlıdır.
Üzeyirin
atası Əbdülhüseyn
Molla Məhəmməd oğlu Hacıbəyov öz
dövrünün savadlı, ziyalı şəxslərindən
biri idi. O, XIX əsrin tanınmış dövlət
xadimi və şairə, Qarabağ
xanlarının varisi Xurşidbanu
Natəvanın mirzəsi olmuş və onun Ağcabədidəki
təsərrüfatına başçılıq etmişdir.
Üzeyirin anası Şirinbəyim
xanım Qarabağda məşhur Əliverdibəyovlar
nəslindən idi. O, ev təhsili almış incə
zövqlü qadın idi.
Hacıbəyovlar
ailəsində beş uşaq dünyaya gəlmişdi:
Sayad, Əbuhəyat,
Zülfüqar,
Üzeyir və Ceyhun.
Valideynlərinin ədəbiyyata, musiqiyə olan böyük
marağı və sevgisi uşaqlara da sirayət etmişdi.
Xüsusilə
oğlanları Zülfüqar, Üzeyir və Ceyhunun
gələcəkdə ədəbi və musiqi istedadının
formalaşmasında ailənin böyük rolu olmuşdur.
Üzeyirin
dayısı Ağalar
bəy Əliverdibəyov xalq musiqisinin gözəl
bilicisi idi və Üzeyirin ilk musiqi müəllimi olmuşdur.
Üzeyir Hacıbəyovun, eləcə də onun qardaşlarının
musiqi istedadı Azərbaycanın ən qədim və
gözəl guşələrindən olan Qarabağın,
Şuşa şəhərinin zəngin musiqili mühitində
yetişmişdir.
Şuşa
şəhərini XIX-XX əsrlərdə «Qafqazın
konservatoriyası» adlandırırdılar. Çünki
Şuşa musiqiçiləri öz sənətkarlığı
ilə təkcə Azərbaycanda deyil, bütün Qafqazda,
eləcə də Şərq ölkələrində
(İranda, Türkiyədə), bir sıra Avropa ölkələrində
(Polşada, Almaniyada) və Rusiyanın bir çox şəhərlərində
(Moskva, Peterburq
və s.) tanınmışdı. Qarabağ muğam
məktəbinin ənənələri üzərində
neçə nəsil xanəndələr,
tarzənlər və digər xalq
çalğı alətləri ifaçıları
yetişmişdir. Onların yaratdıqları və ifa
etdikləri muğamlar,
zərbi-muğamlar,
təsniflər,
rənglər, xalq mahnıları, rəqslər xalq
tərəfindən sevilir və dillər əzbərinə
çevrilirdi. Bu musiqi nümunələri qrammofon vallarına
yazılaraq, dünyanın bir çox yerində yayılır
və Azərbaycan musiqisini çox-çox uzaqlarda tanıdırdı.
O dövrdə Şuşanın musiqi həyatında
bir çox yeniliklər baş verirdi ki, bu da sonradan Azərbaycanın
digər şəhərlərində – Bakıda, Gəncədə
öz davamını tapırdı. 1897-1898-ci illərdə
yazıçı-dramaturq Əbdürrəhim
bəy Haqverdiyevin rəhbərliyi ilə xanəndə
Cabbar Qaryağdı
oğlunun və tarzən Mirzə Sadıq Əsəd
oğlunun (Sadıqcan) ifasında Şuşada göstərilən
Füzulinin poeması
əsasında «Məcnun
Leylinin məzarı üstündə» musiqili səhnəciyi
xüsusi qeyd olunmalıdır. XX əsrin əvvəllərindən
Şuşada ilk Şərq konsertləri də keçirilməyə
başladı. Bu konsertlərdə aşıqlar,
xanəndə və sazəndə
dəstələri iştirak edirdi.
Belə
bir mühitdə böyüyən Üzeyir xalq musiqisini
və muğamatı dərindən mənimsəyirdi.
O, hətta musiqili səhnəciklərdə xorda iştirak
edirdi.
Üzeyir
Hacıbəyov Şuşada ikisinifli rus-Azərbaycan
məktəbində oxumuşdur. 1899-1904-cü illərdə
isə Gürcüstanda yerləşən Qori müəllimlər
seminariyasında təhsil almışdır. Seminariya
illərində o, qabaqcıl dünya mədəniyyəti
ilə yaxından tanış olmuş, klassik musiqi əsərlərini
mənimsəmiş, skripka və bariton musiqi alətlərində
çalmağı öyrənmiş, xalq mahnı nümunələrini
nota köçürmüşdür. Ü.Hacıbəyovun
Qori seminariyasındakı
tələbə yoldaşları - Müslüm
Maqomayev, Əli
Terequlov və başqaları sonradan onunla çiyin-çiyinə
xalqın maariflənməsi uğrunda mübarizə
aparmışlar. Seminariya illərindən başlanan
dostluq sonralar həm də qohumluğa çevrildi. Ü.Hacıbəyov
və M.Maqomayev Terequlovlar ailəsi ilə qohum oldular.
Belə ki, Üzeyir Hacıbəyov Məleykə
xanımla, Müslüm Maqomayev Badigülcamal xanım
Terequlova ilə evləndi.
Seminariyanı bitirdikdən sonra Ü.Hacıbəyov
bir il Hadrud
kəndində (Cəbrayıl bölgəsi) müəllimlik
etmişdir. Ü.Hacıbəyov 1905-ci ildə Bakıya
köçmüşdür. XX əsrin əvvəllərində
neft sənayesinin inkişafı sayəsində Bakıda
teatr və konsert həyatı, təhsil, mətbuat yüksəlməyə
başladı. Ü.Hacıbəyov Bakıda çoxcəhətli
fəaliyyət göstərirdi. O, Bibiheybətdə,
«Səadət»
məktəbində müəllimlik edir, ana dili, rus dili,
hesab, musiqi fənlərindən dərs deyir. Azərbaycan
dilində «Hesab
məsələləri» dərsliyini yazır. «Mətbuatda
istifadə olunan siyası, hüquqi, iqtisadi və əsgəri
sözlərin türki-rusi və rusi-türki lüğəti»ni
nəşr etdirir. Rus yazıçısı Nikolay
Vasilyeviç Qoqolun «Şinel» povestini Azərbaycan dilinə
tərcümə edir.
Ü.Hacıbəyov
həmin illərdə publisist (jurnalist) kimi də geniş
fəaliyyət göstərir. O, «İttihad»,
«Həyat», «İrşad»,
«Tərəqqi»,
«Həqiqət»,
«İqbal»,
«Yeni İqbal»
qəzetlərində və «Molla
Nəsrəddin» jurnalında «Ordan-burdan»,
«O yan - bu yan» başlığı altında çoxlu
məqalə, felyeton
və satirik miniatürlər dərc etdirmişdir. Öz
məqalə və felyetonlarında Ü.Hacıbəyov
dövrünün mühüm ictimai-siyasi və maarifçilik
məsələlərinə toxunur, xalqını maarifləndirmək
uğrunda mübarizə aparırdı. O, mətbuatda
«Filankəs»,
«U», «Üzeyir» və s. imzalarla çıxış edirdi.
Ü.
Hacıbəyov XX əsrin əvvəllərində Bakı
şəhərinin mədəni həyatında yaxından
iştirak edir, xarici artistlərin (rus, italyan, alman və
b.) ölkəmizə səfərini, onların göstərdikləri
dram, komediya və opera tamaşalarını, konsertlərini
maraqla izləyirdi. O özü də yaxın dostları,
məsləkdaşları ilə bərabər xalqına
xidmət etmək, xalqının mədəniyyətini
və musiqisini yüksəltmək üçün əlindən
gələni əsirgəmirdi. Ü.Hacıbəyov xalqda
musiqili səhnə əsərlərinə maraq oyatmaq
məqsədilə milli opera (azərbaycan dilində)
yaratmaq qərarına gəlir. Bu işdə qardaşları
Zülfüqar və Ceyhun, seminariya dostları, dövrün,
maarifçi ziyalıları, azərbaycanlı artistlər
Hüseyn Ərəblinski,
Hüseynqulu Sarabski,
Əbdürrəhimbəy
Haqverdiyev, Hənəfi
Terequlov və başqaları ona yaxından kömək
edirlər.
1908
– ci il yanvarın 25-də Ü. Hacıbəyovun «Leyli
və Məcnun» operasının
Bakıda H. Z. Tağıyevin
teatrında ilk tamaşası oldu. Bu əsərlə
Azərbaycanda və bütün Şərq aləmində
opera sənətinin əsası qoyuldu. Ü. Hacıbəyov
operanın librettosunu Füzulinin
eyniadlı poeması əsasında özü yazmışdır.
Qardaşı Ceyhun bu işdə ona yaxından kömək
etmişdir. Operanın musiqisi əsasən muğam
və təsniflər
üzərində qurulmuşdur. Azərbaycanda ilk opera
olan «Leyli və Məcnun» xalq tərəfindən çox
sevildi və bu günə kimi də Azərbaycan
opera və balet teatrının səhnəsində
yaşayır.
Ü.
Hacıbəyov 1909 – 1915-ci illərdə bir-birinin ardınca
«Şeyx Sənan»
(1909), «Rüstəm
və Söhrab» (1910), «Şah
Abbas və Xurşid Banu» (1912), «Əsli
və Kərəm» (1912), «Harun
və Leyla» (1915) operalarını yaratdı. Bu operaların
librettolarını Ü. Hacıbəyov xalq dastanları
və rəvayətlər əsasında yazmışdır;
yalnız «Rüstəm və Söhrab» operasının
əsasını Firdovsinin
«Şahnamə» əsərinin motivləri təşkil
edir. Bu əsərlərin musiqi məzmununda muğamatdan,
aşıq musiqisindən geniş istifadə olunmuşdur.
Opera
ilə yanaşı, Ü. Hacıbəyov musiqili komediya
janrında əsərlər də yaratmışdır.
«Ər və
arvad» (ilk tamaşası - 1910), «O
olmasın, bu olsun» (ilk tamaşası – 1911), «Arşın
mal alan» (1913) musiqili komediyalarının mətnini
də Ü.Hacıbəyov özü yazmışdır.
Bununla o, həm də Azərbaycan dramaturgiyasında
mühüm rol oynamışdır. Ü. Hacıbəyov
musiqili komediyalarında yaşadığı dövrdə
Azərbaycan məişətini, xalq adət və ənənələrini
əks etdirmişdir. Tamaşaya qoyulduğu gündən
xalqın dilində əzbər olan bu əsərlər
tezliklə bir çox səhnələri dolaşdı.
«Arşın mal alan» musiqili komediyası 40-dan artıq
dilə (rus, ingilis, ərəb, fransız, çin) tərcümə
olunmuş və dünya teatrlarının səhnəsində
tamaşaya qoyulmuşdur. Bu musiqili komediyalar dəfələrlə
ekranlaşdırılmışdır.
Ü.Hacıbəyov
bir bəstəkar kimi musiqi təhsilini artırmaq üçün
1912 – 1914-cü illərdə Moskva və Peterburq konservatoriyalarında
görkəmli musiqi müəllimlərindən dərs
almışdır. Bu da onun yetkinləşməsində
mühüm rol oynamışdır. Lakin Birinci Dünya
Müharibəsinin başlanması və maddi çətinliklər
Ü.Hacıbəyovu təhsilini yarımçıq qoymağa
məcbur etdi.
1918
– 1920-ci illlərdə Azərbaycan Demokratik Respublikası
dövründə Ü.Hacıbəyov ölkənin
ictimai – siyasi həyatında yaxından iştirak etmişdir.
O, «Azərbaycan»
qəzetinin redaktoru kimi fəal ədəbi yaradıcılıqla
məşğul olurdu. Ü.Hacıbəyov bu qəzetə
rəhbərlik edərək, onun ideya istiqamətini müəyyənləşdirmiş,
Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə
kömək etmişdir. Onun bütün çap olunmuş
məqalələri günümüzlə həmahəng
səsləşərək, Ü.Hacıbəyovu uzaqgörən
siyasətçi, ideyalı publisist kimi nümayış
etdirir. Həmin dövrdə Ü.Hacıbəyovun yaratdığı
«Milli marş»,
«Çırpınırdın
Qara dəniz» bu gün bütün türk dünyasının
himninə çevrilmişdir. «Azərbaycan
marşı» isə 1992-ci ildə Azərbaycan Respublikasının
dövlət himni kimi qəbul olunmuşdur.
1920-ci
ildə Azərbaycanda sovet hakimiyyəti quruldu. Bu illər
yeni mədəniyyət quruculuğu illəri kimi tarixə
düşmüşdür. Bu dövrdə musiqi sahəsində
təşkilati işlərin başında Ü.Hacıbəyov
durmuşdu. O, Azərbaycan xalq maarif komissarlığı
yanında incəsənət idarəsinin musiqi şöbəsinə
rəhbərlik edirdi.
1921-ci
ildə Azərbaycan
Dövlət Konservatoriyası yaradılır (indiki
Ü.Hacıbəyli
adınaBakı Musiqi Akademiyası). Həmin ildə
Ü.Hacıbəyov Bakıda Azərbaycanlı tələbələr
üçün ilk musiqi məktəbini – Azərbaycan
Dövlət Türk Musiqi məktəbini (sonralar texnikum)
təşkil etmiş və onun ilk direktoru olmuşdur.
1926-cı ilə bu təhsil ocağı ADK ilə birləşdirilmişdir.
Ü.Hacıbəyov
burada musiqi nəzəriyyəsi, harmoniya, Azərbaycan
xalq musiqisinin əsasları fənlərindən dərs
demişdir. Həmin illərdə bir çox bəstəkar
və musiqişünaslar onun tələbəsi olmuşlar.
Azərbaycan xalq musiqisinin və muğamların nota yazılması,
qorunub saxlanılması və gələcək nəsillərə
ötürülməsi məsələsi Ü.Hacıbəyovu
daim düşündürürdü. 1927-ci ildə Ü.Hacıbəyov
M. Maqomayevlə birlikdə «Azərbaycan
türk el nəğmələri» məcmuəsini
nəşr etdirmişdir. Bu, xalq mahnılarının
ilk not nəşri idi.
Ü.Hacıbəyovun
«Azərbaycan
xalq musiqisinin əsasları» (1945) fundamental elmi əsəri
isə musiqi elmində yeni səhifə açdı, xalq
musiqisinin nəzəri cəhətdən öyrənilməsinin
vacibliyini önə çəkdi.
Ü.Hacıbəyov bir sıra musiqi kollektivlərinin
yaradıcısıdır. Konservatoriyada o, ilk çoxsəsli
Azərbaycan xor kollektivi (1926) yaratmışdır. 1936-cı
ildə Azərbaycan
Dövlət Filarmoniyası nəzdində Ü.Hacıbəyov
yeni bir xor kollektivi təşkil etdi. Həmin xor bu gün
də öz yaradıcılıq uğurları ilə
dinləyiciləri sevindirir.
Ü.
Hacıbəyov 1931-ci ildə Azərbaycan Radio komitəsi
yanında ilk notlu xalq çalğı alətləri
orkestrini təşkil etmişdir. Bu orkestr üçün
«Çahargah» və «Şur» fantaziyalarını bəstələmişdir.
Ü.Hacıbəyov xalq çalğı alətlərinə
not sistemi tətbiq etməklə sübuta yetirmişdir
ki, qədim dövrlərdən şifahi ifaçılıq
ənənələri əsasında mövcud olan Azərbaycan
xalq çalğı alətləri Avropanın mükəmməl
orkestr alətləri ilə bir sırada durmağa layiqdir.
Ü.Hacıbəyov bu orkestrin ilk dirijoru olmuş, sonradan
isə bu vəzifəni öz tələbəsi Səid
Rüstəmova həvalə etmişdir. Hal-hazırda
xalq çalğı alətləri orkestri Səid
Rüstəmovun adını daşıyır.
1930-cu
illərdə Ü.Hacıbəyov bir sıra instrumental
əsərlər, mahnılar,
kantatalar bəstələmişdir. («Aşıqsayağı»,
«Süvari mahnısı»,
«Pilotlar» və
s.)
1937-ci
il aprelin 30-da Azərbaycan
Opera və Balet Teatrında «Koroğlu» operası ilk
dəfə tamaşaya qoyuldu (librettosu H.İsmayılov
və M.S.Ordubadinindir). Xalq qəhrəmanlıq dastanının
motivlərinə əsaslanan «Koroğlu»
operası Azərbaycanda ilk klassik opera hesab olunur. Bu əsər
Ü.Hacıbəyovun yaradıcılığının
zirvəsini təşkil edir.
Ü.Hacıbəyov
Böyük Vətən müharibəsi illərində
«Çağırış»,
«Yaxşı
yol», «Ananın
oğluna nəsihəti», «Şəfqət
baçısı», «Döyüşçülər
marşı» və s. vətənpərvər ruhlu
mahnılar, eləcə də xalq çalğı alətləri
orkestri üçün «Cəngi»
(1941) pyesini, «Vətən
və cəbhə» (1942) kantatasını bəstələmişdir.
Onun bu illərdə yaratdığı vokal musiqi əsərləri
içərisində Nizami
Gəncəvinin anadan olmasının 800 illiyinə
həsr etdiyi «Sənsiz»
(1941) və «Sevgili
canan» (1943) romans-qəzəlləri
xüsusi yet tutur. Ü.Hacıbəyov Azərbaycan Respublikasının
Dövlət Himnlərinin (1945, 1992) musiqisinin müəllifidir.
Ü.Hacıbəyov həyatının son illərində
«Firuzə»
operası üzərində işləmişdir. Bu bitməmiş
operadan təkcə Firuzənin ariyası qalmışdır.
Üzeyir Hacıbəyov 1948-ci il noyabrın 23-də
Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn
olunmuşdur. Xalqımız Üzeyir Hacıbəyovun
xatirəsini əziz tutur. Onun Şuşada və Bakıda
ev-muzeyləri açılmış, heykəlləri
ucaldılmışdır. Azərbaycan Dövlət
Konservatoriyasına (Bakı Musiqi Akademiyası), Azərbaycan
Dövlət Simfonik Orkestrinə onun adı verilmişdir.
Bakıda Üzeyir
Hacıbəyovun adına küçə, onun adını
daşıyan gəmi vardır. Bəstəkar və
şairlər onun xatirəsinə əsərlər həsr
etmişlər (məsələn, F.Əmirov,
«Bəstəkarın xatirəsinə»). Onun həyat və
yaradıcılığına həsr olunmuş 2 seriyalı
«Üzeyir ömrü»
(ssenari müəllifi və rejissoru Anar)
bədii filmi, sənədli filmlər çəkilmişdir.
Onun əsərləri çap olunmuşdur. UNESCO-nun qərarı
ilə 100, 110, 120 illik yubileyi beynəlxalq miqyasda keçirilmişdir.
Respublikamızda hər il Üzeyir bəyin anadan olduğu
gün – 18 sentyabr «Musiqi günü» kimi qeyd edilir.