Səs mühazirələri. Musiqili komediyalar

Arşın mal alan

Mühazirəni hazırladı –
Bakı Musiqi Akademiyasının
«Musiqi tarixi» kafedrasının dosenti,
sənətşünaslıq namizədi Fərəh Əliyeva.
Mühazirəni təqdim edir müəllif.


mp3

 

«Arşın mal alan» - böyük Azərbaycan bəstəkarı, milli bəstəkarlıq məktəbinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeir bəy Hacıbəyovun sonuncu, üçüncü musiqili komediyasıdır. Bəstəkar onu üzərində 1913-cü ilin yayında hələ Bakıda olarkən işləməyə başlamış və əsəri yayın sonunda, artıq Sankt-Peterburqda olarkən tamamlaymışdır. Qeyd edək ki, o burada konservatoriya daxil olmağa hazırlaşırdı. Musiqili komediyanın süjetini Üzeyir bəy həyatdan götürmüş, librettosunu özu yazmışdır.

XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində ailə-məişət məsələlərində şəriət qanunları ilə diqtə edilmiş köhnəlmiş adət-ənənələrə qarşı tənqidi, etiraz dolu münasibət formalaşır. Əsas müzakirə mövzularından biri qadının azadlığı və hüquqları uğrunda mübarizə idi. Azərbaycan qadınlarının demək olar ki, hüquqları yox dərəcəsində idi: o, valideyndələrinin, sonra isə ərinin iradəsinə tabe olmalı idi. Çadrasız o heç yerə çıxa bilməzdi, onun taleyini başqaları həll edirdi. Qızlar, bir qayda olaraq, valideynlərinin seçimi ilə ailə qurur, onların razılığı heç kəsi maraqlandırmırdı. Lakin təksə qızlar, deyil, kişilər də bu adətdən əziyyət çəkirdilər. Axı, onlar da öz gələcək həyat yoldaşlarını yalnız toydan sonra görə bilərdilər. Lakin həyat tərzi dəyişir və cavanlar artıq sevib-sevilərək, aidə qurmaq arzusu ilə yaşayırdılar.

«Arşın mal alan» operettasının maraqlı süjeti də elə bu ideyanı əks etdirir. Üzeyir bəyin qəhrəmanı – gözəl, yaraşıqlı, iradəli Gülçöhrə öz hüquqları, sevgisi uğrunda mübarizə aparan Azərbaycan qızlarının yeni nəslinin nümayəndəsidir.

«Arşın mal alan» musiqil komediyasının adı da elə küçəbəküçə, həyətbəhəyət gəzib mal satan arşın malçıların çağırışından alınmışdır.

Gənc tacir Əsgər gələcək həyat yoldaşını özü seçib, bəyənmək şərtilə evlənmək istəyir. Lakin müsəlman qayda-qanununa görə bəy gəlini yalnız toydan sonra görə bilərdi. Əsgərin dostu Süleyman bəy vəziyyətdən çıxış yolu tapır: onun məsləhəti ilə tagir Əsgər adi, kasıb arşınmalçıya çevrilir. İndi o, istənilən evə girib, qızları görüb, könlünə yatanı gözaltı edib evlənə bilər.

Az keçmir ki, Əsgər alıcılar arasında gözəl bir qıza vurulur. Bu, Soltan bəyin qızı – Gülçohrədir. O da qarşılıqlı məhəbbətlə qurulmuş ailə səadəti arzusundadır. Cavanlar əld-peyman bağlayır. Gülçöhrə sevgilisinə sonadək sədaqətli olmaq əzmindədir. Lakin qızını yalnız varlı adama, dədə-baba qanunu ilə ərə vermək istəyən Soltan bəy Gülçöhrəni varlı tacir Əsgərə vermək istəyir. Nə qətiyyətli etirazını bildirən Gülçöhrənin nə də Soltan bəyin ağlına belə gəlmir ki, tacir Əsgər və kasıb arşınmalçı Əsgər eyni adamdır. Lakin anlaşılmaslıqlar tez aradan qalxır. Bir gündə 4 toy çalınır: Əsgər və Gülçöhrə ilə yanaşı, Süleyman bəylə Soltan bəyin qardaşı qızı Asya, Soltan bəy və Əsgərin xalası Cahan xala, hər iki ailənin nökərləri – Vəli və Telli də evlənib xoşbəxt ailə qururlar.

Operettada mənfi qəhrəman yoxdur. Klassik musiqili komediya qanunlarına uyğun olaraq ön planda əsas qəhrəmanlar – Əsgər və Gülçöhrədir. Onlar yeni fikirli, ailə həyatını ürəklərinin səsi ilə qurmaq arzusu ilə yaşayan gənclərdir. Qalan personajlar – Süleyman bəy, Asya, Soltan bəy, Cahan xala, Vəli və Telli lirik-komik tərzdə verilir. İştirakçılar bir neçə qrupa bölünür: tagir Əsgər və bəy qızı Gülçöhrənin məhəbbət tarixcəsi əsərin əsas süjet xəttini təşkil edir. Onların hərəkətləri əsas ideyanı ifadə edir. Romantik hisslərlə yaşayan bu gənclər köhnəlmiş adət-ənənələrə qarşı çıxmaqdan çəkinmir. Məhəbbətləri naminə onlar ən qəti addımlara hazırdırlar. Dövrün qayda-qanunlarına etirnazsızlıq göstərməyən Süleyman bəy və Asya da, cavanların hərəkətlərini başa düşməyən yaşlı nəslin nümayəndələri – Cahan xala və Soltan bəy də mehriban ailə həyatı arzusundadırlar. Nəhayət, ağıllı, tədbirli nökərlər – Vəli və Telli də talelərini birləşdirir, sevib-seçib ailə qururlar.

«Arşın mal alan»da dramaturji baxımından aparıcı, əsas bədii-ifadə vasitəsi musiqidir. Məhz musiqi məzmunun parlaqlığına və inkişaf səviyyəsinə görə çox vaxt əsərin janrını komik opera kimi müəyyənləşdirirlər. Musiqi dramaturgiyasının vahidliyinə arşınmalçının məşhur mahnısından bir mövzunun məhəbbət leytmotivi kimi geniş səslənməsi də dəlalət edir. Əsas musiqili forması və xasiyyətnaməsi üçün Üzeyir Hacıbəyov ənənəvi kupletləri deyil, daha mürəkkəb və dərin forma olan ariyanı seçir.

Əsgər və Cülçohrənin partiyaları rəngarəng və dərin məzmunludur. Böyük məhəbbət arzulayan əsas qəhrəmanlardan biri - Əsgərin dahi Azərbaycan şairi Füzülinin sözlərinə yazılmış ilk ariyasında xəyalpərvər, bir qədər kədərli obrazı yaradılır. II pərdədə isə Gülçöhrə ilə duet səhnəsində gözümüz önündə, artıq sevği işığına boyanmış, bir qədər həyəcanlı, xoşbəxt gənc canlanır. Gülçöhrənin də ilk ariyası (II pərdə) məhəbbət arzuları ilə yaşayan gənc qızın iztirablarını, xəyallarını əks etdirir. Onun romantik duyğuları ilhamlı, bir qədər həyəcanlı II ariyasının əsas əhval-ruhiyyəsinin məzmununu elə bundan ibarətdir. III pərdədən ariya və IV pərdədən naləsi əvvəlki əhval-rühiyyə ilə bağlıdır; Azərbaycan qızının o dövrdəki acı taleyinin sanki musiqi təsviridir.

Musiqili komediyanın digər iştirakçıları əsasən janr – məişət üslublu musiqi nömrələri ilə səciyyələnir. Şən mahnı və rəqslər, dialoq-səhnəciklər səhnə hadisələrinin lirik-komik koloritini yaradır: Cahan xalanın kupletləri, Süleyman bəyin mahnısı, Süleyman bəyin mahnı və rəqsi, Asyanın mahnı və rəqsi, Soltan bəyin kupletləri, Telli və Vəlinin yumorla yoğrülmüş məhəbbət etirafı olan dueti.

«Arşın mal alan»da hadisələr dinamik inkişaf edir. Burada fon, ikinci dərəcəli, şərhedici nömrələr yoxdur.Yeganə xor olan qızların xoru da milli məişət koloritinin poetik təcəssümüdür. Bəstəkar operettanin musiqisində Azərbaycan xalq mahnısı və rəqslərinin ritm-intonasiyalarını böyük ustalıqla əks etdirir. Qızların xorunda «Qalanın dibində», Soltan bəyin kupletlərində «Canlar içində canım», uvertyuranın əsas mövzusunda «Boynunda var salırıq» mahnılarının, Asyanın rəqsində «Tərəkəmə» xalq rəqsinin intonasiyaları eşidilir.

Üzeyir Hacıbəyov «Arşın mal alan»da xalq mahnı-rəqs və muğam ənənələrini sintezləşdirərək parlaq, yeni vokal üslub yaratmışdır. Burada artıq milli musiqi təfəkkürü, milli üslub avropa vokal üslubu ilə qovuşur. Parlaq məzmun ilə yanaşı bu musiqi novatorluğu operettanın dünya miqyasında şöhrət tanmasının əsas şərtlərindən biri oldu.

«Arşın mal alan» elə ilk tamaşadan böyük populyarlıq qazandı. Əsərin ilk tamaşası 1913-cü ildə oktyabrın 25-də Bakıda Tağıyev teatrında olmuşdur: quruluşçu rejissor böyük Azərbaycan aktyoru və rejissoru Hüseyn Ərəblinski, rollarda: Hüseynqulu Sarabski (Əsgər), Əhməd Ağdamski (Gülçöhrə), Ələkbər Hüseynzadə (Soltan bəy), A.Olenskaya (Asya), X.Hüseynov (Vəli), Cülsabah xanım (Cahan xala) çıxış etmişlər. Premyeradan sonra «Arşın mal alan» Qafqazın, Rusiyanın, daha sonra isə bütün dünyanın teatr səhnələrinə zəfər yürüşünü başlayır. Tez bir zamanda əsər rus, gürcü, fars, erməni, ingilis, ərəb, polyak, bolqar, özbək, çin  - 66 dilə tərcümə olunur.

«Arşın mal alan»ın populyarlığına dair tarixdən belə bir fakt gətirmək olar: Qafqazda bu adla kafelər, restoranlar, dükanlar açılır. Əsər 1915-ci ildə Tiflisdə eyni gündə dörd yerdə, dörd dildə – Azərbaycan, rus, gürcü və erməni dillərində oynanılırdı.

«Arşın mal alan» bir neçə dəfə ekranlaşdırılmışdır. Musiqili komediyanın ilk ekran variantı 1916-cı ilə aiddir. Rejissor V.Svetlanovun çəkdiyi səssiz filmdə H.Sarabski, Ə.Ağdamski, Y.Nərimanov, Ə.Hüseynzadə, M.Əliyev çəkilmişdi. Filmi Cabbar Qaryağdıoğlunun triosu, musiqiçilər dəstəsi müşayiət edir, musiqi nömrələri canlı ifa olunurdu.

Musiqili komediyanın ikinci ekranlaşdırma cəhdi isə uğursuz oldu. Peterburqlu rejissor Q.Belyakov 1917-ci ildə Ü.Hacıbəyovun icazəsi və razılığı olmadan film çəkmiş və müəllif hüquqları pozulduğu üçün bu film prokata buraxılmamışdı. 1937-ci ildə ABŞ-da rejissor R.Maqalyan da «Arşın mal alan» musiqili filmi çəkmiş, lakin Ü.Hacıbəyovun müəllifliyini göstərməmişdir. II dünya müharibəsi illərində SSRİ-də «Arşın mal alan» bədii musiqili filminin çəkilişlərinə başlanmış və film 1945-ci ekranlara buraxılmışdır. Əsas rollarda -R.Behbudov (Əsgər), L.Cavanşirova (Gülçöhrə), Ə.Hüseynzadə (Soltan bəy), L.Abdullayev (Vəli), F.Mehrəliyeva (Telli), M.Kələntərli (Cahan xala) çəkilmişlər. Filmin musiqi redaktoru – Niyazi, ssenari müəllifi S.Rəhman, rejissorlar R.Təhmasib və N.Leşşenko, operatorlar L.Atakişiyev və M.Dadaşov idi. 1946-cı ildə «Arşın mal alan» filminin yaradıcıları SSRİ Dövlət Mükafatına layiq göruldülər. Film dünya xalqdarının dillərinə dublyaj ediləcək 130 ölkədə böyük müvəffəqiyyətlə nümayiş etdirildi.

1965-ci ildə «Azərbaycanfilm» kinostudiyasında rəngli bədii «Arşın mal alan» filmi çəkildi: ssenari müəllifləri T.Tağızadə və M.Dadaşov, rejissor T.Tağızadə, musiqi redaktoru SSRİ xalq artisti F.Əmirov idi. Baş rollarda L.Şıxlinskaya (Gülçöhrə), H.Məmmədov (Əsgər), H.Yaqizarov (Süleyman bəy), A.Soltanov (Soltan bəy), N.Məlikova (Cahan xala) çəkilmişlər.

«Arşın mal alan» «Melodiya» firması tərəfindən üç dildə (Azərbaycan, rus və fars) qrammofon valına yazılmışdır. Əsər haqqında dövri mətbuatda, elmi jurnallarda yüzlərlə resenziyalar, elmi məqalələr, kitab və broşürlər yazılmışdır.

90 ildir ki, dünya musiqi mədəniyyətində «Arşın mal alan» adlı bir ulduz parlayır. Dünya da, həyat tərzi də dəyişir, nəsillər bir-birini əvəz edir, zövqlər ildırım sürəti ilə yeniləşir. Lakin Əsgər və Gülçöhrənin romantik məhəbbət tarixcəsini söyləyən musiqi hekayəti bu gün də təravətini saxlayır, insanlara xoş təbəssüm və hisslər bağışlayır.

 

<<< Geri   

 

  © Musigi dunyasi, 2009