Operalar


Koroğlu. Musiqi xarakteristikası


«Koroğlu» operası Uvertüra ilə başlanır. Uvertüranın qəhrəmani, odlu-ehtiraslı, sürətli musiqisi operanın ideya məzmununu ümumiləşmiş şəkildə təcəssüm etdirir. Əsərin qəhrəmanlarının daha çox nəzərə çarpan mövzuları bu musiqidə cəmləşir. Giriş hissədə xalqın üsyankar mövzusu səslənir. Əsas mövzu xalqın qəhrəmanlığını ifadə edir. Köməkçi mövzunun əsasını Nigarın leytmotivi təşkil edir. Koda xalqın təntənəsini əks etdirir.

I pərdədə səslənən «Bu gözəl təbiət, bu şən mənzərə» sözləri ilə başlanan xorunda xalqın ağır zəhmətdən, böyük ehtiyac əlindən acı-acı şikayətlənməsi eşidilir.

I pərdədə Nigarın ariyası «Rövşəndir məni yaşadan» sözləri ilə başlanır və onun səmimi, dərin məhəbbətini əks etdirir. Burada xalqın sədaqətli qızı Nigara xas qətiyyət, iradə ifadə olunur.

II pərdə Həsən xanın «Mina ibriklərə şərab doldurun» sözləri ilə başlanan ariyası qəddar, təkəbbürlü xanın obrazını yaradır.

Təlxəyin mahnısı isə onun hiyləgər planını açaraq «Koroğlunun bir atı var» sözləri ilə oxunur.

II pərdədə Nigarın ariyası «Hanı o günlərim, səfalı dəmlərim» sözləri ilə başlanır. Lirik, kədərli əhval-ruhiyyə daşıyır.

III pərdədə antrakt – əzəmətli Çənlibel qalasını təsvir edən monumental simfonik lövhədir. Onun ardınca səslənən «Çənlibel ölkəm, hər yeri möhkəm-möhkəm» xoru isə xalqın qətiyyətinin, igidliyinin, öz gücünə inamının təcəssümüdür. Xor nikbin xarakter daşıyır. Bu pərdədə Koroğlunun ariyası Nigara müraciətlə «Sevdim səni mən, ey Nigarım» sözləri ilə oxunur. Lirik əhval-ruhiyyəli bu ariyada Koroğlunun Nigara məhəbbəti ifadə olunur. «Əhdnamə» - xalqın haqq işinə sədaqət və mübarizə andıdır.

IV pərdədə Həsən xanın sarayından kef məclisində xanəndə qız fars dilində mahnı oxuyur. Aşıq paltarında saraya gələn Koroğlunun üç aşıq mahnısı diqqətə layiqdir. Birinci mahnı – «Səni gördüm aşiq oldum» şikəstə ruhunda yazılmış ariyadır.

İkinci mahnı – «Eşitsin xanlar paşalar» - Qıratın tərifinə həsr olunub, burada bəstəkar ənənəvi aşıq havası – gözəlləmədən istifadə edib.

Üçüncü mahnı – «Nazlı yarım, vəslə çatdım» - şikəstə aşıq havasına əsaslanır.

V pərdədə xalqın yalvarışı xor şəklində ifadə olunur.

Sonda xana qalib gələn və onun qoşunlarını darmadağın edən xalqın təntənəli xorunda qəhrəman Koroğlu və Vətən tərənnüm olunur.

   
<<< Geri   

 

  © Musigi dunyasi, 2009