Birinci
pərdə
Hadisələr XVII əsrdə Azərbaycan ərazisində
cərəyan edir.
Dövlətli
və qəddar Həsən xanın malikanəsində
kəndlilər körpünün yanında işləyirlər.
Onlar ağır zəhmət, böyük ehtiyac əlindən
acı-acı şikayətlənirlər. Həsən
xanın yaxınlaşdığını hiss edən
kəndlilər təlaş və həyəcan keçirirlər.
Həsən xan silahlı
nökərlərinin müşayiəti ilə gəlir.
O, əsil-nəcabətli qonağı Ehsan paşaya
öz ilxısından at bağışlamaq fikrindədir.
Lakin ona xəbər verirlər ki, mehtər Alı
(Rövşənin atası) ilxını otlağa
qovmuş, öz zövqünə görə yalnız
iki ayğırı saxlamışdır.
Xan qəzəblənir. Əmr
edir ki, mehtərin gözlərini çıxartsınlar.
Kəndlilərin və Alının yalvarışları
heç bir kömək etmir, əksinə xanda yalnız
qəzəb doğurur. Alını aparırlar. Xan
öz nökərləri ilə gedir.
Rövşənin sevgilisi Nigar səhnədə görünür.
Dəhşətli xəbəri eşidən Nigar
baş vermiş fəlakəti Rövşənə
bildirmək üçün onu gözləyir.
Heç nədən xəbəri
olmayan Rövşən dağdan gələrək,
Nigara məhəbbətini etiraf edir.
Atasının fəlakəti
gəncin qəlbini ağır yaralayır. Bundan sonra
onu «Koroğlu» deyə çağırırlar.
Rövşənin qəlbi
zalımlara qarşı qəzəb və nifrətlə
doludur. O, xalqı zülmkarlara qarşı mübarizəyə
çağırır.
Koroğlu Nigardan xahiş edir ki, qalsın və ona
xanın niyyətini bildirsin. Üsyan etmiş kəndlilər
Koroğlu ilə birlikdə dağlara çəkilirlər.
İkinci pərdə
Həsən xanın sarayında kef məclisi qurulmuşdur.
Saray qızlarının rəqsi qonaqları əyləndirir.
Əyanlar, xanlar, bəylər, tacirlər Koroğlunun
başçılığı altında üsyana
qalxan kəndlilərə qarşı birgə mübarizə
aparmaq üçün ittifaq bağlayırlar.
İçəri girən
tacirlər, vergi yığanlar, məmurlar üsyançıların
hücumuna məruz qaldıqlarından şikayətlənirlər.
Xan Koroğlunun üstünə qoşun göndərmək
istəyir.
Təlxək hiyləgərcəsinə
belə bir məsləhət verir ki, Koroğlunun
sevimli atını-Qıratı oğurlasınlar
və beləliklə də onu aldadıb tələyə
salsınlar.
Həmzə bəy bu planı
yerinə yetirməyi öz boyuna götürür.
Mükafat kimi o, gözəl Nigarı tələb
edir. Xan bu mükafatı ona vəd edir.
Xanın niyyətini və
Koroğlunu gözləyən təhlükəni
eşidən Nigar öz qardaşı Eyvazı Çənlibel
qalasına, Koroğlunun yanına göndərir ki,
Həsən xanın və Həmzə bəyin niyyətini
ona çatdırsın. Tək qalan Nigar öz taleyindən,
sevgilisindən ayrı düşdüyündən
acı-acı şikayətlənir.
Üçüncü pərdə
Səhnədə dağlarda yerləşən Çənlibel
qalası görünür. Üsyan edən kəndlilər,
Koroğlunun silahdaşları buraya toplaşmışlar.
Onlar azadlıq uğrunda mübarizəyə başçılıq
edən Koroğlunun igidliyini tərifləyirlər.
Tezliklə Koroğlu səfərdən qayıdır.
O özü ilə yeni dəstələr gətirir.
Koroğlu azadlıq uğrunda mübarizədə
bütün məzlumları birləşməyə
çağırır. Kəndlilərin coşğun
əhval-ruhiyyə dədir.
Koroğlu xəyala dalır, Nigarı xatırlayır.
Çənlibelə dilənçi
paltarı geymiş Həmzə bəy gəlir. O,
xan tərəfindən təqib olunmasından şikayətlənir
və Koroğludan kömək diləyir.
Üsyançılar qonağın
pis niyyətdə olduğundan şübhələnirlər.
Lakin Koroğlunun Həmzə bəyə rəhmi
gəlir və ona öz atına baxmasını tapşırır.
Axşam olur. Yavaş-yavaş hamı dağılışır.
Tufan qopmasından və qaranlıq düşməsindən
istifadə edən Həmzə bəy Koroğlunun
atını – Qıratı qaçırır.
Dördüncü pərdə
Sarayda Həsən xan öz əyanları və qonaqları
ilə Həmzə bəyin şərəfinə
kef məclisi qurmuşdur. Koroğlu aşıq mahnıları
oxuyur, Qıratı tərifləyir.
Aşıq paltarı geymiş Koroğlu məclisə
gəlir. Ona əmr edirlər ki, bir neçə mahnı
oxusun.
Həsən xan Qıratı gətirmək əmrini
verir. Bu zaman içəri girən Həmzə bəy
Koroğlunu tanıyır. Koroğlunu tuturlar. Nökərlər
döyülmüş Eyvazı gətirirlər.
Nigar etiraf edir ki, Həmzə
bəyin niyyətini Koroğluya xəbər vermək
üçün qardaşını Koroğlunun yanına,
qalaya o göndərib. O, mərdliklə xanın qəddarlığını,
rəhmsizliyini üzünə çırpır, əyanlara
nifrətini bildirir.
Həmzə bəy Nigarı
öldürmək istəyir. Lakin Koroğlu əlindəki
qandalları qırır və Həmzə bəyi
öldürür. O, qarışıqlıqdan istifadə
edərək Qırata minib qaçır.
Həsən xan Nigarın,
Eyvazın və onlara kömək edən nökər
Poladın camaat qarşısında edam olunması
əmrini verir.
Beşinci pərdə
Carçılar xalqı meydana çağırır:
orada Nigar, Eyvaz və Polad edam ediləcəkdir. Xalq
xana yalvarır ki, məhkumlara rəhm etsin. Xalqın
yalvarışı Həsən xana təsir etmir.
Bu qəddarlığı görən xalq cəsarətlə
hökmdara qarşı nifrətini bildirir. Həsən
xan qəzəb içindədir.
Nigarı edam kürsüsünə gətirirlər.
Koroğlunun başçılığı altında
üsyançılar meydana girir. Xanın nökərləri
və qoşunu qorxuya düşüb qaçırlar.
Meydanda sevinib şadlanan azad
xalq öz qəhrəmanı Koroğlunu tərifləyir.
Koroğlu xalqla birlikdə Vətəni tərənnüm
edir.
|