Mühazirəni hazırladı
–
Bakı Musiqi Akademiyasının dosenti,
sənətşünaslıq namizədi Cəmilə
Həsənova.
Mühazirəni təqdim edir müəllif.
«Koroğlu»
operası Üzeyir Hacıbəyovun yaradıcılığının,
həqiqətən də ən yüksək zirvəsidir.
Sözün əsil mənasında, şedevr sayılan
bu əsərdə bəstəkar Azərbaycan xalqının
qüdrətini, qürurunu, igidliyini və qalibiyyət
əzmini musiqi vasitəsilə ifadə etmişdir
ki, həmin mövzu bu gün də çox müasir
və aktualdır. Opera yarandığı gündən
az bir zaman ərzində Azərbaycan xalqının
məhəbbətini qazanmış, eyni zamanda, Azərbaycan
incəsənətinin inkişafında yeni bir mərhələ
olmuşdur.
Ü.Hacıbəyovun
bu operası milli musiqi yaradıcılığının
zəngin ənənələri ilə sıx bağlı
olub, onları müasir bəstəkarlıq formaları
ilə qovuşdurmuşdur.
«Koroğlu»
operasında bəstəkar xalqın öz azadlığı
və müstəqilliyi uğrunda mübarizə
mövzusunu realistcəsinə, dərindən açmağa
müvəffəq olmuş, parlaq, həqiqi xəlqi
obrazlar yaratmışdır.
Ü.Hacıbəyov
özü bu opera üzərində işi haqqında
yazırdı ki, müasir musiqi mədəniyyətinin
nailiyyətlərindən istifadə edərək,
milli opera yaratmaq üçün elə bir üslubu
əxz etmişdir ki, xalqla onun başa düşdüyü
dildə danışa bilsin. Buna görə də,
təbii ki, bu operanı xalq musiqi ruhu ilə canlandırmaq
vacib idi. Məhz bu səbəbdən, böyük
bir dühanın məhsulu olan «Koroğlu» operası
öz musiqi dilinə görə, bədii xüsusiyyətlərinə
görə cəsarətli novator bir əsər
kimi diqqəti cəlb edir.
«Koroğlu»
operasının əsasını xalqın azadlıq
mübarizəsinə, XVI – XVII əsrlərdə
kəndli hərəkatına həsr olunmuş eyniadlı
aşıq dastanının motivləri təşkil
edir.
Bu dastanın
bir çox variantları mövcuddur və o, nəinki
Azərbaycanda, həmçinin Türkiyədə,
Zaqafqaziya və Orta Asiya ölkələrində
də geniş yayılmış və populyarlaşmışdır.
Üzeyir Hacıbəyovun
yozumunda bu mövzu böyük ictimai – sosial məna
və müasir səslənmə kəsb etmişdir.
Bəstəkar xalqın məhz tarixini əks etdirən
bir opera yaratmışdır. Musiqidə xalqın
daim qaranlıqdan işığa doğru can atması
, eyni zamanda, onun real qələbə sevinci öz
əksini tapmışdır.
Librettonun poetik
mətni M.S.Ordubadiyə məxsusdur. Libretto üzərində,
həmçinin ədəbiyyatçı H. İsmayılov
çalışmışdır. Ü.Hacıbəyov
özü də operanın ədəbi mətninin
yaradılmasında yaxından iştirak etmişdir.
Diqqətəlayiqdir ki, libretto və musiqi paralel
yaradılmışdır.
«Koroğlu»
operasının dramaturji əsasını iki əks
qüvvənin – bir tərəfdən xalqın,
digər tərəfdən isə yerli feodalların
mübarizəsi təşkil edir. Operanın dramaturgiyasının
inkişafı xalqın istismarçılara qarşı
yüksələn mübarizəsi və Vətənin
düşmənləri üzərində qələbəsi
ilə bağlıdır.Beləliklə, tarixin
hərəkətverici qüvvəsi olan xalq operanın
əsas ideyasını müəyyən edən
fəal qüvvə kimi göstərilir. Bu da əsərin
dərin xəlqiliyinin təcəssümüdür.
«Koroğlu»
epik operadır. Burada monumental, kütləvi xor və
rəqs səhnələrində kəndlilərin
surəti öz geniş əksini tapır. Ü.Hacıbəyov
məntiqi ardıcıllıqla xanların zülmündən
cana doyan xalqın qəzəbinin coşmasını,
onun psixologiyasının və əhval ruhiyyəsinin
dəyişməsini, qorxu altında əzilən
bir kütlədən Çənlibel qalasında
azad həyatı tərənnüm edən mübariz
qüvvəyə çevrilməsini göstərir.
Operada xalq obrazının
təcəssümü üçün xorlardan geniş
istifadə olunmuşdur. Birinci xor səhnəsindən
başlayaraq, sonuncuya kimi bəstəkar mübarizə
aparan kəndlilərin obrazını hərtərəfli
şəkildə yaratmış, musiqidə onların
iztirablarını, tədricən artan etirazını,
məğrur, igid surətlərini təsvir etmişdir.
Operanın zirvəsini isə «Çənlibel» xoru
təşkil edir. Bu, gözəl, möhtəşəm
bir musiqi tablosu olub, azadlıqsevər Azərbaycan
xalqının əyilməz iradəsini böyük
bədii qüvvətlə açıb göstərir.
Xalqın qəhrəmani
obrazı xüsusilə Uvetrürada öz təcəssümünü
tapmışdır. «Koroğlu» operasının
Uvertürası əsərin əsas ideyasını
əks etdirən simfonik lövhədir. Burada xalq
obrazını səciyyələndirən ən
parlaq mövzular cəmlənmişdir. Onu da deyək
ki, «Koroğlu» Uvertürası bu gün Azərbaycan
xalqı üçün azadlıq himninə çevrilmişdir.
Operanın
yaddaqalan simfonik epizodlarından biri də III pərdənin
antraktıdır ki, burada dağların başında
məğrur dayanan Koroğlunun Çənlibel qalası
təsvir olunur.
Operadakı
rəqslər də hadisələrin üzvi tərkib
hissəsi kimi, iştirakçıların əhval
– ruhiyyəsini və emosiyalarını əks etdirir.
Bəstəkar məhz xalqın qəhraman simasını
səciyyələndirmək üçün «Yallı»,
«Cəngi» kimi rəqslərdən istifadə edərək,
Azərbaycan xalqının həyatsevər və
mərd xarakterini musiqidə canlandırmışdır.
Əsərin
əsas personajlarının: Rövşən – Koroğlu,
Nigar, Həsən xan və başqalarının
surətləri hərtərəfli göstərilmişdir.
Əsərin
qəhrəmanı Koroğlu yenilməz qüvvəyə,
yüksək mənəvi keyfiyyətlərə
malik bir şəxsiyyətdir. O, xalq hərəkatının
başçısı, mərd, igid sərkərdə
və aşıqdır. Onun adı xalqın dilində
əfsanəyə çevrilmişdir.Qədim dövrlərdən
bəri xalq Koroğlunun cəngisinin sədaları
altında döyüşə getmişdir. Odur ki,
Koroğlu xalqın simvoluna, onun arzu və istəklərinin
ifadəçisinə çevrilmişdir.
Koroğlu obrazı
tədricən və dinamik şəkildə açılır.
Əvvəldə onun mübarizəyə ehtiraslı
çağırışı öz əksini tapır,
daha sonra o, gözümüz qarşısında
qorxmaz, cəsur bahadır kimi canlanır.
Koroğlu həm
də bir xalq nəğməkarı – aşıqdır,
buna görə də musiqidə aşıq üslubu
qabarıqdır və Koroğlunun aşıq mahnıları
bunun ən bariz nümunəsidir.
Koroğlu qəhrəman
və aşıq kimi göstərən müəllif
onun lirik hisslərinin, Nigara olan məhəbbətinin
tərənnümünə də mühüm yer
vermişdir. Koroğlunun lirik ariyası dərin
mənası və səmimiliyi ilə dinləyicinin
qəlbinə təsir etməklə yanaşı,
Koroğlu obrazına yeni cizgilər gətirir. Nigara
məhəbbəti onu xalqın yolunda hünər,
rəşadət göstərməyə ilhamlandırır.
Nigar obrazı
isə öz həqiqi, real cizgilərinə və
zərifliyinə görə bəstəkarın
yaratdığı qadın obrazları qalereyasında
önəmli yer tutur.
Nigar Koroğlunu
dərin məhəbbətlə sevən bir qızdır.
O, həm də onun səsur, qorxmaz məsləkdaşı,
xanların zülmünə qarşı haqq səsini
ucaldan mübarizə yoldaşıdır.
Operadakı
Həsən xan isə despotizmin zülmün təcəssümüdür
və musiqidə onun qəzəbli, zülmkar, özündən
razı, hökmran obrazı parlaq və lakonik boyalarla
təsvir olunmuşdur. Xüsusilə Həsən
xanın ariyası operanın ən yaxşı
vokal partiyalarından biri olub, öz müdhişliyi
və qəddarlığı ilə dinləyicini
heyrətləndirir.
Əsərin
personajları arasında Təlxək öz ikili
rolu ilə seçilir. Bir tərəfdən o, Koroğlunun
tutulması üçün təklif verir; bir nəfər
tərəfindən Koroğlunun Qıratının
oğurlanmasını məsləhət gorur. Bununla
da xanlara kömək edir. Digər tərəfdən
isə o, saray əyanlarını ələ salıb
gülür. Təlxəyin məzəli mahnısı
operadakı hadisələrin inkişafında mühüm
yer tutur və dönüş nöqtəsinə
çevrilir.
«Koroğlu»
operası ilk dəfə 1937 – si ildə istedadlı
Azərbaycan rejissoru İsmayıl Hidayətzadə
tərəfindən Azərbaycan Dövlət Opera
və Balet teatrının səhnəsində tamaşaya
qoyulmuşdur. Dekorasiyalar rəssam Rüstəm Mustafayevə
məxsus idi. İlk tamaşaya Üzeyir Hacıbəyov
özü dirijorluq edirdi.
Koroğlu rolunun
ilk ifaçısı görkəmli Azərbaycan
müğənnisi Bülbül olmuşdur. O, demək
olar ki, ömrünün sonuna kimi – 25 ilə yaxın
bir müddətdə bu mürəkkəb rolda çıxış
edərək, böyük bədii əhəmiyyətə
malik bir obraz yaratmışdır.
İlk tamaşada,
həmçinin, G.İsgəndərova – Nigar, M.Bağırov
– Həsən xan, Q.İsgəndərov – Təlxək,
H.Hüseynov – Həmzə bəy, Q. Almaszadə
– rəqqasə rollarında çıxış
etmişlər.
Sonrakı illərdə
də «Koroğlu» operasında yaddaqalan obrazlar yaratmış
müğənnilərdən L. İmanovun (Koroğlu)
F.Əhmədovanın, F.Qasımovanın (Nigar)
və başqalarının adını çəkmək
olar.
Hal – hazırda
da «Koroğlu» operası səhnədə oynanılır,
onun gənc, istedadlı ifaçıları yetişir.
Bəstəkarın
bədii fikrinin açılmasında görkəmli
Azərbaycan dirijoru Niyazinin böyük rolu olmuşdur.
Dirijorlardan Əşrəf Həsənov «Koroğlu»
operasının maraqlı ifaçılıq təfsirini
vermişdir, Rauf Abdullayev, Cavanşir Cəfərov,
Yalçın Adıgözəlov kimi dirijorların
ifasında «Koroğlu» öz səhnə həyatını
yaşamaqdadır.
Onu da deyək
ki, «Koroğlu» operası müxtəlif səhnələrdə,
müxtəlif dillərdə tamaşaya qoyulmuşdur:
Azərbaycan, rus, erməni, türkmən, özbək
dillərində opera Moskvada (1939, 1959), Təbrizdə
(1941), Aşqabadda (1939), İrəvanda (1942), Daşkənddə
(1950) oynanılmış, tamaşaçıların
böyük rəğbətini qazanmışdır.
Əsər 1940 –ci ildə Dövlət mükafatına
layiq görülmüşdür. «Koroğlu» operasının
əhəmiyyətindən danışarkən,
onu yalnız milli mədəniyyətin çərçivələri
ilə məhdudlaşdırmaq olmaz. XX əsrdə
Azərbaycanın mütərəqqi bədii fikrinin
axtarışları sayəsində meydana gəlmiş
«Koroğlu»
operası bu gün dünya musiqi xəzinəsinə
daxil olmuş milli və bəşəri dəyərə
malik bir sənət əsəridir. XXI əsrdə
də «Koroğlu» bizi öz bədii keyfiyyətləri,
qeyri – adi mütənasib forması, klassik aydınlığı
ilə heyrətləndirir və yəqin ki, hələ
neçə illər, əsrlər boyu musiqimizin şah
əsəri olaraq, səhnələri bəzəyəcək.