Operalar


Leyli və Məcnun. Musiqi xarakteristikası

Opera Müqəddimə ilə başlanır. Burada iki mövzu səslənir: birinci mövzu – marşvari, fəal xarakterli musiqiyə malikdir, ərəb sərkərdəsi Nofəli xarakterizə edir. Mövzunun əsasını «Heyratı» zərbi muğamının melodiyası təşkil edir. İkinci mövzu lirik ruhludur, «Mani» zərbi-muğamının melodiyasına əsaslanır.

Müqəddimədən sonra səslənən «Şəbi-hicran» xoru kiçik proloq olub, operada baş verəcək faciəni emosional baxımdan hazırlayır, dinləyicini psixoloji opera mühitinə daxil edir. Füzulinin məşhur qəzəli əsasında yazılmış bu xor ayrılıq həsrəti çəkən sevgililər haqqında kədərli musiqi hekayətidir.

Məcnunla (Qeyslə) Leylinin ilk görüşü səhnəsi «Mahur-hindi» və «Şikəsteyi-fars» («Segah») muğam şöbələrinə əsaslanır. Duet isə onların səmimi məhəbbət etiraflarıdır, işıqlı və lirik musiqi məzmununa malikdir.

Qızların və oğlanların xoru tənəli sözlərlə oxunaraq, Qeys və Leylinin məhəbbətinin görünməmiş bir qəbahət olduğuna işarə edir, Qeys istehza ilə Məcnun (divanə) adlandırılır. Məcnun, atası və anasının triosu həyəcanlı xarakter daşıyır. Məcnunun partiyasında ümidsizlik öz əksini tapır. «Durun gedək evimizə» sözləri ilə atası Məcnunu sakitləşdirməyə çalışır.

Leyli və İbn-Səlamın duetində Leyli Məcnuna aşıq olduğunu etiraf edir. Bundan İbn-Səlam çox məyus olur. Məcnunun divanə kimi səhrada dolaşması səhnəsində «Bayatı-Şiraz» muğamı səslənir. Səhrada gəzərkən onun gözünə sevgilisi görünür. Onun xəyala getdiyi epizodu səhnə arxasında qızların xoru müşayiət edir. «Bu gələn yara bənzər» sözləri ilə oxunan xor aydın, rəvan melodiyaya malikdir. Xor xalq mahnısı əsasında yazılmışdır.

Ərəb sərkərdəsi Nofəl «Heyratı» zərb muğamının mövzusu ilə səciyyələndirilmişdir. Nofəlin gəlişi, onun Məcnunun halından xəbər tutması, Leylinin atasını döyüşə çağırması səhnəsi «Heyratı» zərb müğamı üzərində qurulmuşdur.

Operanın sonunda Məcnunun Leylinin məzarı üstündə ölümü səhnəsində «Bayatı-Kürd»(1, 2) muğamı səslənir.


   
<<< Geri   

 

  © Musigi dunyasi, 2009