Mühazirəni təqdim
edir:
Bakı Musiqi Akakdemiyasının dosenti,
sənətşünaslıq namizədi Cəmilə
Həsənova.
Dahi Azərbaycan
bəstəkarı Üzeyir Hacıbəyovun ilk
operası olan «Leyli və Məcnun» 1908-ci ildə
yaranmışdır. Bu, həm Azərbaycanda, həm
də bütün Şərqdə ilk opera idi. Bununla
Ü.Hacıbəyov XX əsrin əvvəllərində
Azərbaycanda pəşəkar bəstəkarlıq
sənətinin təməl daşını qoydu.
«Leyli və
Məcnun» Ü.Hacıbəyovun yaradıcılıq
yolunun ilk mərhələsi, həm də musiqi
sənətində fəth etdiyi ilk zirvə idi.
«Leyli və
Məcnun» ilə musiqi tarixində operanın yeni
növü – muğam operası meydana gəldi. Artıq
janrın adı muğamın bəstəkar yaradıcılığındakı
mühüm rolunu vurğulayır. «Muğam operası»
sözünün mahiyyəti Şərq və Qərb
ənənələrinin qovuşma nöqtəsini
açıqlayır. Lakin bu, əsrlər boyu böyük
təkamül yolu keçmiş Şərqin muğam
və Qərbin opera formalarının zahiri qovuşması
deyil. Belə ki, məhz şifahi ənənəli
peşəkar musiqi sənəti olan muğam Azərbaycanda
bəstəkar yaradıcılığının
formalaşmasına təkan verib. Artıq bir əsrə
yaxındır ki, Azərbaycanda muğam və bəstəkar
yaradıcılığı bir-birinə qarşılıqlı
təsir göstərərək inkişaf edir. Bu
iki qütbün ilk dəfə qovuşduğu müstəvi
isə Üzeyir Hacıbəyovun «Leyli və Məcnun»
muğam – operası olmuşdur.
«Leyli və
Məcnun» operası XVI əsrin dahi Azərbaycan
şairi Məhəmməd Füzulinin eyniadlı
poemasına əsaslanır. Bəstəkarın
fikrincə, Füzuli poemasının ruhu, lirikası,
«Leyli və Məcnun» poemasının romantizmi məhz
muğam kimi möhtəşəm bir musiqi ilə
təcəssüm oluna bilər.
Buna görə
də Ü.Hacıbəyov dərindən bildiyi,
uşaqlıqdan qanına, canına hopduğu, melodikasını,
lad quruluşunu gözəl mənimsədiyi muğamlardan
və xalq musiqi nümunələrindən istifadə
etmişdi. Bütün bunları o, müəllif
konsepsiyası ilə əsaslandırmışdı.
Ü.Hacıbəyov
bunu belə izah edirdi: «Mənim vəzifəm ancaq
Füzuli poemasının sözlərinə forma
və məzmunca zəngin, rəngarəng muğamlardan
musiqi seçmək, hadisələrin dramatik planını
işləyib hazırlamaq idi.» [1]
Əslində,
ilk baxışdan bəlkə də sadə görunən
bu fikir böyük əhəmiyyətə malik
idi. Çünki ilk dəfə olaraq, muğamlar
musiqi dramaturgiyasına tabe olunub, vahid bədii ideyanın
açılmasına xidmət edirdi. Bu, irəliyə
doğru böyük bir addım idi. Bu , milli musiqi
mədəniyyətinin inkişaf istiqamətinin
yeni məcraya yönəldilməsi idi.
Ü.Hacıbəyov
öz məqalələrindən birində «Leyli
və Məcnun»un yaranma tarixini işıqlandıraraq
yazırdı ki, təxminən 1897-1898-ci illərdə
hələ on üç yaşında olarkən,
doğma şəhəri Şuşada «Məcnun
Leylinin məzarı üstündə» adlı musiqili
səhnəyə baxır. Bu, Füzulinin «Leyli və
Məcnun» poemasından sonuncu hissənin teatrallaşdırılmış
şəkildə muğamla oxunması idi. Həmin
musiqili səhnəni görkəmli Azərbaycan
yazıçısı və dramaturqu Əbdürrəhim
bəy Haqverdiyev Şuşanın tanınmış
musiqiçilərinin köməyi ilə tamaşaya
qoymuşdu. Məcnun rolunun ifaçısı dövrünün
ən məşhur xanəndələrindən biri
– Cabbar Qaryağdı oğlu idi. Onu tarzən Mirzə
Sadıq oğlu müşayiət edirdi. Xor epizodlarına
yaxşı səsi olan uşaqlar cəlb olunmuşdu.
Üzeyir Hacıbəyov da bu uşaqların cərgəsində
idi.
Üzeyir bəyin
yazdığına görə, bu musiqili tamaşa
onu çox həyəcanlandırır və yaddaşına
həkk olunur. Bir neçə ildən sonra Qori müəllimlər
seminariyasını bitirib Bakıya gələrkən
o, məhz Füzulinin «Leyli və Məcnun» poeması
əsasında opera yazmaq haqqında düşünür
və tezliklə bu fikrini həyata keçirir.
Xatırlatmaq
yerinə düşərdi ki, Şərqdə geniş
yayılmış və çox sevilən bu ölməz
məhəbbət dastanına ilk dəfə XII
əsrdə dahi Azərbaycan şairi Nizami Gəncəvi
müraciət edərək, «Leyli və Məcnun»
poemasını yaratmışdır. Ondan sonra isə
50-dən artıq şair bu mövzuda əsərlər
yaradıb. Onlardan XII əsrdə hind şairi Əmir
Xosrov Dəhləvi, XIV əsrdə iran şairi
İmadi, XV əsrdə özbək Əlişir
Nəvai, tacik Cami, türk şairi Çakeri qeyd
olunmalıdır.
Ü.Hacıbəyovun
məhz Füzulinin yaratdığı «Leyli və
Məcnun» poemasına müraciətinin səbəbi
ondan ibarət idi ki, bu əsər Azərbaycan dilində
yazılaraq, Şərq ədəbiyyatının
inkişafına böyük təsir göstərmişdi.
Bu əsərdən parçalar peşəkar xanəndələr
tərəfindən muğamlarda çox ifa olunaraq,
xalq arasında geniş yayılmışdı.
Ü.Hacıbəyovun
fikrincə, poemanın dərin məzmununu məhz
opera kimi bir musiqi forması vasitəsilə açmaq
mümkündür. O, Füzulinin poemasına yaradıcı
surətdə yanaşaraq, onu opera janrının
tələbləri səviyyəsində işləmişdir.
Operanın librettosunda poemanın bir sıra epizodları
ixtisar olunmuş və əsas məqsəd əsərin
qəhrəmanlarının daxili aləminin və
hisslərinin açılmasına yönəldilmişdir.
Ü.Hacıbəyov poemanın surətlərinə
və süjet xəttinə bir sıra yeni cizgilər
əlavə etmişdir. Belə ki, onun operada yaratdığı
Leyli obrazı Füzulinin qəhrəmanından
fərqlənir. Füzulinin poemasında Leyli İbn-Səlama
ərə verildikdən sonra Məcnuna olan məhəbbətini
ondan gizlətməyə məcbur olursa, Ü.Hacıbəyovun
Leylisi İbn-Səlama açıq şəkildə
Məcnunu sevdiyini etiraf edir. Onun bu etirafı o dövrün
adət-ənənələrinə, feodal-patriarxal
cəmiyyətin qayda-qanunlarına bir etiraz idi. Bununla
da Ü.Hacıbəyov Azərbaycan qadınının
azadlıq arzularını əks etdirməyə
çalışmışdır.
Lakin onu da qeyd
etmək lazımdır ki, Füzulidə olduğu
kimi, Ü.Hacıbəyovun qəhrəmanları
da öz səadətləri uğrunda fəal mübarizə
etmirlər. Sevgililər bir-birinə qovuşa bilməsələr
də pak, yüksək məhəbbətə sadiq
qalaraq, bu sevginin xəyalı ilə yaşayır
və məhv olurlar. Lakin onların məhəbbəti
ölmür. Beləliklə, əsərin fəlsəfi
mənası açılır: məhəbbət
kimi gözəl bir hiss həyatdakı qəddarlığa
qalib gəlməyə qadirdir. Leyli və Məcnun
isə indi artıq əbədi məhəbbət
simvoluna çevrilmişlər.
«Leyli və
Məcnun» operasının klassik anlamda partiturası
yox idi. Bunu səhnədə cəzəyan edən
hadisələrin və vokal nömrələrin
ardıcıllığını göstərən
direksion – yəni ssenari planı əvəz edirdi.
Burada müəllifin ayrı-ayrı not yazıları,
muğamlara, ladlara dair qeydləri, dinamik işarələr
haqqında göstərişləri öz əksini
tapmışdı.
Operanın
librettosu, klaviri və partiturası çox sonralar
meydana gəlmişdir. Belə ki, əsərin librettosu
1912-ci ildə, klaviri 1959-cu ildə, partiturası
isə 1983-cü ildə çap olunmuşdur.
«Leyli və
Məcnun» operasının quruluşuna nəzər
salsaq, burada opera dramaturgiyasına məxsus bütün
komponentləri görərik: uvertüra, proloq, ariyalar,
xorlar, ansambl səhnələri-duet, trio, orkestr epizodları,
rəqs və s. Lakin mövcud Avropa opera formasından
fərqli olaraq, burada klassik ariyaları muğam söbələri
əvəz edir. Xor və ansambl səhnələrində,
orkestr epizodlarında xalq musiqi nümunələrindən
böyük bacarıqla istifadə olunmuş, onlar
bəstəkarın yaratdığı musiqi parçaları
ilə üzvi surətdə qovuşmuşdur.
Ü.Hacıbəyov
obrazların səciyyələndirilməsində,
onların daxili aləminin, duyğu və həyəcanlarının
təcəssümündə muğamlardan istifadə
edərək, onları xarakterinə və emosional
təsirinə görə dramaturji həssaslıqla
seçimişdir. Əsərin süjet xəttinin
ardıcıl açılmasında, dramatik konfliktin
və hadisələrin faciəli sonluğunun təsvirində
muğamlar mühüm əhəmiyyət kəsb
edir. Məsələn, I pərdədə Leyli və
Məcnunun görüş səhnəsi onların
ümid və arzularını, məhəbbət
hisslərini əks etdirən işıqlı xarakterli
«Mahur - Hindi» və «Segah» muğamları üzərində
qurulmuşdur. Hadisələrin sonrakı inkişafında
əsas qəhrəmanların partiyasında qəmgin
əhval – ruhiyyəli muğamlar üstünlük
təşkil edir. Belə ki, Məcnunun elçilərinə
rədd cavabı verildikdən sonra səslənən
«Şahnaz» muğamı Məcnunun dərin ruhi sarsıntılarını
əks etdirir. Onu başa düşməyən insanlardan
uzaqlaşıb səhrada dolaşan, nəsibi iztirablar
və tənhalıq olan Məcnun qəmli «Bayatı
-Şiraz» muğamı ilə xarakterizə olunur.
Leyli və İbn-Səlamın toyu səhnəsindən
sonra Məcnunun ümidsizliyi «Şüştər»
muğammında öz ifadəsini tapır. Sevgilisindən
üz çevirib onun xəyalını üstün
tutan Məcnunun «Sən Leyli deyilsən» nidası
«Xaric Segah»da çox yanıqlı səslənir.
Son səhnədə Məcnun Leylinin qəbrini axtararkən
«Bayatı-Kürd» muğamının sədaları
onun sonsuz kədərini ifadə edir. Məcnunun
son nəfəsində «Şüştər» muğamının
«Tərkib» şöbəsini ifa etməsi xüsusilə
qəlbləri titrədir.
Qeyd etmək
lazımdır ki, əsərin digər obrazlarının
səciyyələndirilməsində də müəyyən
muğamlara üstünlük verilir. Bu zaman muğam
şöbəsinin seçilməsi dramatik hadisələrin
gedişatı və qəhrəmanın səhnədəki
əhval-ruhiyyəsi və durumu ilə bağlı
olur.
Bu baxımdan,
məsələn, Məcnunu Leyliyə qovuşdurmaq
üçün onun atası ilə döyüşə
girməkdən çəkinməyən sərkərdə
Nofəlin qorxmaz, cəsur obrazını yaratmaq üçün
bəstəkar «Heyratı» zərb-muğamının
coşğun, döyüş əhval-ruhiyyəli
marş xarakterli musiqisindən itsifadə edir.
Məcnunun
atasının partiyasında «Cahargah» muğamının
səslənməsi onun oğluna görə keçirdiyi
həyəcanlarını əks etdirir. Leyli ilə
anasının dialoqunda «Simayi-Şəms» muğam
şöbəsindən istifadə ananın həyəcan
və nigarançılığını göstərir.
«Qatar» muğamı sevgilisinə qovuşa bilməyərək, başqasına ərə verilmiş
Leylinin fəryadını ifadə edir.
Beləliklə,
dramaturgiyanın inkişafında muğam hərəkətverici
amilə çevrilir. Onu da deyək ki, bu zaman muğamların
ardıcıllaşması, lad keçidləri məntiqi
sürətdə həyata keçirilir.
Ü.Hacıbəyov
operada bütün muğam şöbələrinin
adlarını və poetik mətnini ardıcıllıqla
qeyd etmiş, onların səsləndirilməsini
isə rolları ifa edən xanəndələrə
həvalə etmişdi. Bu, bir daha sübut edir ki,
muğam kimi şifahi ənənəli peşəkar
musiqinin yaradılmasında və ifa olunmasında
xanəndələrin xidməti əvəzsizdir.
O cümlədən, «Leyli və Məcnun» muğam-operasının
ərsəyə gəlməsində də xanəndələrin
ifaçılıq məharəti mühüm əhəmiyyətə
malikdir.
«Leyli və
Məcnun» operasının premyerası 1908-ci ildə
yanvar ayının 25-də Bakıda Hacı Zeynalabdın
Tağıyevin teatrında (indiki Musiqili Komediya Teatrının
binasında) olmuşdu. Tamaşanın iştirakçıları
xanəndələr, dram aktyorları və sadəcə
musiqi həvəskarları idi. İlk tamaşaya
istedadlı aktyor və rejissor Hüseyn Ərəblinski
quruluş vermişdi. Dirijor isə yazıçı-dramaturq
Əbdürrəhim bəy Haqverdiyev idi. Sonrakı
tamaşalarda isə Ü.Hacıbəyov özü
və onun yaxın dostu və məsləkdaşı
bəstəkar Müslüm Maqomayev dirijorluq etmişlər.
Tamaşanın bədii tərtibatında tanınmış
publisist, rəssam və ictimai xadim Əli bəy
Hüseynzadənin rolu olmuşdur. İlk tamaşanı
müşayiət edən orkestr bir neçə musiqiçidən
– Ü.Hacıbəyovun seminariya yoldaşları
olan həvəskar musiqiçilərdən ibarət
idi. Muğam hissələrini isə ustad tarzənlər
Qurban Pirimov və Şirin Axundov müşayiət
edirdilər. Məcnun rolunun ilk ifaçısı
görkəmli teatr və musiqi xadimi Hüseynqulu
Sarabski olmuşdur. Bu rolu o, elə böyük məharətlə
yaratmışdı ki, tamaşadan sonra hamı onu
«Məcnun» deyə çağırırdı. Sonralar
bir çox görkəmli xanəndələr Məcnun
rolunda çıxış etmişlər. Onlardan
Əliövsət Sadıqov, Hüseynağa Hacıbababəyov,
Əbülfət Əliyev, Bakir Haşımov, Qulu
Əsgərov, Arif Babayev, Canəli Əkbərov,
Alim Qasımov, Mənsum İbrahimov və başqaları
öz təkrarolunmaz ifa üslubu və bu rolun, yaddaqalan
təfsiri ilə opera teatrının inkişaf tarixində
parlaq iz qoymuşlar.
Leyli rolunun
ifaçısını tapmaq isə o dövrdə
çox çətin idi. Çünki XX əsrin əvvəllərində
müsəlman qadınlarının səhnəyə
çıxmasına yol verilmirdi. Buna görə də
teatrda qadın rollarını kişilər ifa edirdi.
Bu səbəbdən də ilk tamaşada Leyli rolunun
ifası məlahətli səsə malik olan və
muğamları yaxşı bilən Fərəcov
soyadlı bir gəncə tapşırıldı.
Sonralar isə Leyli rolunda o dövrdə qadın
rollarının məşhur ifaçısı kimi
tanınmış Əhməd Ağdamski çıxış
etmişdir. Yalnız, bir çox illər ötdükdən
sonra (1920-30-cu illərdə) səhnədə qadın
xanəndələr Azərbaycan bəstəkarlarının
muğam operalarında çıxış etməyə
başladılar. Leyli obrazının ən məşhur
və gözəl ifaçılarından Sürəyya
Qacar, Həqiqət Rzayeva, Gülxar Həsənova,
Rübabə Muradova, Sara Qədimova, Zeynəb Xanlarova,
Nəzakət Məmmədova, Səkinə İsmayılova,
Qəndab Quliyeva, Mələkxanım Əyyubova,
Nəzakət Teymurova kimi xanəndələrin adını
çəkmək olar.
«Leyli və
Məcnun» operası yarandığı gündən
xalq tərəfindən heyranlıqla qarşılandı
və çox sevildi. Tezliklə bu opera Azərbaycandan
kənarda da məşhurlaşdı. Əsər
azərbaycanlı aktyorların ifasında Zaqafqaziyanın,
Orta Asiyanın, İranın bir çox şəhərlərində
uğurla göstərildi və böyük rəğbət
qazandı.
Artıq bir
əsrə yaxındır ki, «Leyli və Məcnun»
operası səhnədədir. Bu dövr ərzində
neçə-neçə görkəmli xanəndələr
Leyli və Məcnun rollarının gözəl
ifaçıları kimi tanınıb. Bu günə
kimi ustad xanəndələr bu operada iştirakı
özləri üçün ən çətin və
şərəfli bir yaradıcılıq sınağı
hesab edirlər.
Yüz ilə
yaxındır ki, «Leyli və Məcnun» operası
yeni-yeni quruluşlarda tamaşaya qoyulur. Məcnunlar,
Leylilər nəsil-nəsil bir-birini əvəz
edir. Əsər öz təravətini itirmir. Tamaşaçıların
Şərqin bu ilk operasına olan marağı və
sevgisi azalmır.
Üzeyir dühası
ilə canlandırılan «Leyli və Məcnun» yaşayır
və Azərbaycan milli operasının inkişaf
yolunu işıqlandırır.