Vokal əsərləri

Üzeyir Hacıbəyovun vokal yaradıcılığı romans-qəzəllər və mahnılarla təmsil olunur.

Romans-qəzəl janrı 1940-cı illərdə Ü. Hacıbəyovun yaradıcılığında meydana gəlmişdir.

Mütəfəkkir şair, XII əsr klassik Azərbaycan poeziyasının dahisi Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar olaraq, Üzeyir Hacıbəyov şairin iki qəzəli əsasında «Sənsiz» (1941) və «Sevgili canan» (1943) kimi vokal əsərlərini yaratdı. Bununla da romans-qəzəl janrının təməlini qoydu.

«Sənsiz» və «Sevgili canan» romans-qəzəlləri musiqi üslubu baxımından özünəməxsus orijinallığı, ahəngdar milli koloriti ilə fərqlənir. Ü. Hacıbəyovun hər iki romansı qəlblərə sirayət edən ifadəli melodiyaya malikdir.

«Sənsiz» və «Sevgili canan» romanslarının ilk ifaçısı Bülbül olmuşdur.

Azərbaycanda kütləvi mahnı janrının da ilk nümünələrini Ü. Hacıbəyov yaratmışdır. Həmin mahnılarda müəyyən tarixi dövrlərdə cəmiyyətdə baş verən hadisələr öz əksini tapmışdır.

1918 – 1920-ci illərdə Azərbaycan Demokratik Respublikası dövründə «Milli marş», «Azərbaycan marşı», «Çırpınırdın Qara dəniz» kimi vətənpərvərlik ruhunda himn xarakterli mahnılar yaranmışdır. Bunlardan «Milli marş»ın sözləri Ü. Hacıbəyova, «Azərbaycan marşı»nın və «Çırpınırdın Qara dəniz» mahnısının sözləri Əhməd Cavada məxsusdur.

Bu əsərlər uzun müddət itirilmiş hesab olunurdu. Lakin onlar Türkiyədə məşhurlaşmış və çap olunmuşdur. Yalnız 1980-ci illərdə Üzeyir Hacıbəyovun xatirə ev muzeyinin əməkdaşları tərəfindən tapılıb bərpa edilmiş və Azərbaycanda səsləndirilmişdir.

«Azərbaycan marşı» 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət Himni kimi qəbul olunmuşdur, dövlət rəmzlərindən birinə çevrilmişdir.

1920 – 30-cu illərdə – Azərbaycanda sovet hakimiyyəti dövründə yeni həyat quruculuğu genişləndiyi zaman Ü. Hacıbəyov özünün vətənpərvərlik mahnıları ilə xalqı ruhlandırırdı. Bu dövrdə yaranmış «Komsomolçu qız», «Süvarilər mahnısı», «Əsgər marşı» əlamətdardır. Həmin illərdə Ü. Hacıbəyov «Qaragöz» lirik mahnısını da bəstələmişdi. Onun ilk ifaçısı Xan Şuşinski idi.

Ü. Hacıbəyovun uşaq mahnıları da bu illərə aiddir. «Pilotlar», «Bir quş düşdü havadan», «Yetim quzu» uşaqlar üçün yazılmış ilk mahnılardır.

Azərbaycan xalq mahnılarını çox sevən Ü. Hacıbəyov M. Maqomayevlə birlikdə onları toplayaraq, «Azərbaycan türk el nəğmələri» məcmuəsini nəşr etdirmişdi. Bu mahnılardan bir çoxu solist, xor və fortepianonun müşayiəti üçün Ü. Hacıbəyov tərəfindən işlənilərək, xor kollektivinin repertuarına daxil edilmişdir.

1941 – 1945-ci illərdə Böyük Vətən Müharibəsi dövründə Ü. Hacıbəyovun vətənpərvərlik mahnıları xalqı düşmənlə mübarizəyə çağırırdı. «Şəfqət bacısı», «Ananın oğluna nəsihəti», «Yaxşı yol», «Döyüşçülər marşı» o dövrdə xalq arasında dillər əzbərinə çevrilmişdi.  


<<< Geri   

 

  © Musigi dunyasi, 2009